Технологии Blogger.

понедельник, 27 января 2014 г.

Ənənəvi təlimdən uzaqlaşarkən daha cəsarətli olaq!                                                   
        Bu cəsarəti bizdən yaşadığımız cəmiyyət,qloballaşan dünyamız tələb edir.Buna baxmayaraq Azərbaycan cəmiyyətində ənənəvi təlimdən uzaqlaşmaq məsələsi hələ də birmənalı qarşılanmır. Bəziləri ənənəvi təlimdən imtina edildiyinə cox təəssüflə yanaşır,bəziləri ənənəvi təlimin bəzi məqamlarını saxlamagı və fəal təlimdə yeri gəldikcə istifadə etməyi daha məqsədəuyğun hesab edir,bəziləri isə haqlı olaraq,(təbii ki, fəal təlimdən mütəmadi istifadə edənlər  və bu zaman əldə olunmuş nəticələri  təhlil edən, araşdıran  hər kəs)ənənəvi təlimdən tamamilə uzaqlaşmağı daha düzgün hesab edir.Üçüncülərin fikri doğrudan da təqdirə layiqdir! Bəlkə də zamanında ənənəvi təlim təhsil prosesində doğrudan da yararlı olub və cəmiyyətin təhsil qarşısında qoyduğu tələbləri ödəyib.Amma müasir dünyamızın tələbləri və istəkləri  tamamilə başqadır.Bugünkü vətəndaşın qarşısında qoyulan tələblər və təkliflər 20 il bundan əvvəlki vətəndaşın qarşısında qoyulmurdu.Müasir dövrün tələb və təkliflərini ödəmək üçün daha bacarıqlı,iti təfəkkürə malik, ozünə yol açmağı bacaran şəxsiyyət tələb olunur. Bu gün məktəbə gələn şagird bilik və bacarıqlarını inkişaf etdirməli və təlim prosesində şəxsiyyət olaraq təzahür etməlidir.Bu fəal təlimin bu gün məktəb qarşısında qoyduğu ən vacib şərtlərdəndir. Bugünkü müəllimin qarşıya qoyduğu bütün məqsədlər bu şərti reallaşdırmağa yönəlməlidir.Bunun üçün də müəllim təlim prosesinə daha cəsarətlə yanaşmalı,özünü müəyyən çərçivədə hiss etməməli,bu prosesdə - mən sadəcə faslitatoram,-  deyə imkanlarını məhdudlaşdırmamalı,əksinə, təlim prosesində bütün potensial imkanlarından istifadə edərək yaradıcı bir şəxs kimi təzahür etməlidir. Fəal təlim müəllim qarşısındakı bütün sədləri və çərçivələri götürsə də,bəzi hallarda müəllim şəxsiyyətini arxa plana çəkmək meylləri də vardır.Əslində isə fəal təlimdə müəllimin təşəbbüskarlığı və fərdi nümunəviliyi,müəllimin probləmə yaradıcı yanaşması xüsusi şərt hesab edilir.Müəllim öz təşəbbüs və qənaətlərini şagirdlərin fikir və fəaliyyətləri ilə birləşdirdikdə, tədrisi interaktiv səmtə istiqamətləndirdikdə təlimin səmərəsi daha üstün olar.
         Göründüyü kimi fəal təlim öz əlamətdar keyfiyyətləri ilə təlimdə və tərbiyədə müəyyənləşdirilmiş məqsədi ön plana çəkməklə ənənəvi təlimdən fərqlənir.Fəal təlim məqsədin nəticəyə istiqamətlənən yoluna da işıq saçır.
      Bu gün fəal təlimin tətbiqi o baxımdan da təqdirə layiq hesab edilə bilər ki,burada məqsədin qoyuluşu və dəqiqliyi mütləq nəzərə alınır və tədrisdə məqsəd ciddi şəkildə təlimin və tərbiyənin bütün mərhələlərinə yönəldilir.Fəal təlimdə məqsəd elə qoyulmalıdır ki,yüksək nəticənin əldə olunmacağına təminat versin və nəticə müvafiq şəkildə qiymətləndirilsin.
       Beləliklə,fəal təlim metodlarının təlim və tərbiyəyə tətbiq edilməsi sözsüz ki,şagirdlərin fərdi qabiliyyətlərinin,idrakı inkişaflarının formalaşmasında,onların interaktiv fəaliyyətə alışmasında müstəsna mahiyyət daşıması danılmaz həqiqətdir. Təlim və tərbiyədə fəal təlim metodlarından istifadənin üstün olması şagirdlərin bir şəxsiyyət kimi özlərini dərk etmələrinə ,doğma vətənlərinin layiqli övladları kimi böyümələrinə həlledici istiqamət verir.

        

среда, 22 января 2014 г.

Qrupların   təşkili zamanı  qarşıya  çıxan problemlər  və  onların  aradan  qaldırılması                                                           yolları.
  Dövrün tələblərinə uyğun şəkildə şəxsiyyət yetişdirmək bugünkü Azərbaycan  dövlətinin təhsil qarşısında qoyduğu ən önəmli və vacib məsələlərdən biridir.
    Bu gün məktəbin şagird qarşısında qoyduğu tələb ondan ibarət deyil ki,şagird məktəbə gəlməli,dərsini söyləməli və qiymət alıb evə dönməlidir. Bugünku məktəbdə yetişən şagird sabahkı həyatda öz ayaqları ilə addımlamağı bacaran şəxsiyyət olmalı,qloballaşan cəmiyyətdə özünə yol açmağı bacarmalıdır.
       Deməli,şəxsiyyət yetişdirməyi qarşısına məqsəd qoymuş məktəb şagirddə bir sıra sosial bacarıq və vərdişlər formalaşdırılmalı, inkişaf etdirməlidir.Bu missiyanı yerinə yetirərkən daha uğurlu nəticələr eldə etmək üçün fəal təlimdə mütəmadi olaraq qruplarla iş forması daha məqsədəuyğun hesab edilir.
Qruplarda işləyən şagirdlərdə təbii ki,əməkdaşlıq etmək,birgə fəaliyyət qurmaq,ünsiyyətcil olmaq,başqalarının  fikrinə hörmətlə yanaşmaq,rəqabət aparmaq,məsuliyyətli olmaq,başqalarını dinləmək  kimi bir sıra sosial bacarıq və  vərdişlər formalaşır və inkişaf edir.Bu sosial bacarıq və vərdişlər sabah həyata atılacaq şəxsiyyəti gerçəkləşdirən,reallaşdıran ən zəruri amillər hesab edilə bilər.
    Bəzi hallarda elə olur ki,bu iş forması ilə işləyən müəllim təlim prosesində gozlədiyi nəticəni əldə bilmir və təlim prosesi uğursuzluqla nəticələnir.Bu da ondan irəli gəlir ki,birgə işləməyə sövq edilən şagirdlər arasında bir sıra problemlər ortaya çıxır.
      Bu problemlərdən biri yersiz hay-küyün təlim prosesinə mane olma-sıdır.Bəs,sinifdə yaranmış hay-küyə səbəb nədir?Bəzən olur ki,qrupda əyləşən şagirdlər verilmiş tapşırığı birgə həll etmək əvəzinə öz aralarında tapşırığı müəyyən hissələrə bölür və hər kəsin tapşırığı ayrılıqda yerinə yetirmək cəhdi baş tutur ki,bu da müəyyən səs-küyə səbəb olur.Daha bir səbəb qrup üzləri tapşırığı yerinə yetirərkən birgə nəticəyə gələ bilmirlər və hər kəs öz cavabı ilə çıxış etməyi israr edir. Hər kəsin eyni vaxtda danışmaq arzusu,istəyi də sinifdə yersiz səs-küyə səbəb olur.
      Qruplarla iş zamanı ortaya çıxan problemlərdən biri də şagirdlərin problemin həllinə hazır olmamalarıdır.Şagirdlər arasında bu problem o zaman özünü daha qabarıq şəkildə büruzə verir ki, çətinlik çəkən şagird qrupun digər üzvlərindən kömək istəmir və yaxud da qrupun digər üzvləri ona öz köməkliklərini təklif etmirlər.
       Qruplarla iş zamanı qrup üzvləri  arasında daha tez-tez müşahidə olunan və aradan qaldırılması digər problemlərə nisbətən daha çətin  olan problemlərdən biri də şagirdlər arasında yaranan münaqişədir.Qrup üzvləri arasında münaqişə o zaman yarana bilər ki,onlar icazəsiz hərəkətlərə yol versinlər,yəni icazə olmadan bir-birilərinin əşyalarına kağızlarına toxunsunlar.
         Qrup üzvlərinin məqsədlərinə aydınlıq gətirə bilməmələri,qrup daxilində şagirdlərin geriqalma halları özünü göstərə bilər ki,bunlar  müəllim tərəfindən həlli vacib olan məsələlərdəndir.
        Yuxarıda sadaladığımız  problemlər təlim prosesi zamanı qrup üzvləri arasında yaranan problemlərdir.Amma bəzən olur ki,problem bütün qrupda deyil,tək bir şagirddə təzahür edir.Bu nədən irəli gəlir? Şagird hər bir işi tək başına görməyə çalışır və yaxud da çox az  iş görmək istəyir,hətta işdən imtina etməyə cəhd belə edir.Şagirdin təvazökarsızlığı , təkəbbürlü olmagı, kinli olmağı da qrup işi zamanı onun üçün problem hesab edilir.
     Müəıllim  təlim posesində sosial bacarıq və vərdişləri şagirdlərdə formalaşdırmaq,inkişaf etdirmək məqsədini,məqsədini qoymuşsa,bu məqsədi uğurlu nəticələrlə reallaşdırmaq üçün yuxarıda sadalanan bütün problemləriböyük ustalıqla aaşdırmalı,bu problemləin həllinə komplek şəkildə yanaşmalı və problemlərin aradan qaldırılmasına dair sosial  bacarıq vəvərdişlərin inkişafını özündə əks etdirən plan tərtib etməlidir və aşağıdakılara reallaşdırılacaq məqsəd kimi yanaşmalıdır.
              -Şagirdin daxili istəklərinin ,mənəvi meyllərininüzə çıxarılmasına və başa düşülməsinə şərait     yaratmaq;
             -Tapşırıqların düzgün qavranılmasına,başa düşülməsinə yardım etmək;
           -İşə həvəs oyatmaq;
          -Yerli-yersiz yox,ehtiyac duyulduğu zaman sual vermək vərdişini formalaşdırmaq ;
           -Başqasına kömək etmək bacarığını inkişaf etdirmək;
          -Münaqişəyə yol verməmək vərdişini formalaşdırmaq və s.

                Hətta ola bilər ki,müəllim qrup işinin təşkili zamanı ortaya çıxanproblerin həllinə kompleks və əvvəlcədən planlaşdırılmış şəkildə yanaşsa belə yenə də istədiyi nəticəni reallaşdıra bilməsin.Bu zaman müəllim özü qruplarda rast gəldiyi bütün problemləri özündə qeyd etməli  və məsələnin həllində başqa yollar axtarmalıdır.Bunun üçün müxtəlif sorğu anketlərini şagirdlərə paylamaqla onların özlərinin öz qrup daxilindəki fəaliyyətlərinin qiymətləndirilməsini təşkil  etmək olar.Bu  onların özlərinin öz  işlərinə tənqidi yanaşmasını problemlərin şagirdlərin özləri tərəfindən aradan qaldırılmasını təşkil etmiş olar. 

                                                Göygöl  rayonu Şəhriyar kənd tam   
                                                                         orta məktəbinin  Azərbaycan dili və Ədəbiyat
                                                                        müəllimi İsgəndərova Yeganə Əvəz qızı.                                                                                                                      "Təhsil problemləri  "  qəzeti.                
       Azərbaycan dili və Ədəbiyyat dərslərində motivasiyanın qoyulması.
Fəal təlimdə dərsin ilk mərhələsi motivasiyadır.Bu mərhələ iki-yeddi dəqiqə müddətində başa çatmalıdır.Baxmayaraq ki,mərhələ bu qədər qısamüddətlidir, lakin onun dərsin əvvəlindən sona qədər nə dəracədə uğurlu alınmasında müstəsna rolu vardır.Əgər motivasiya nə qədər düşündürücü və qoyulmuş tələbləri  özündə dəqiq əks etdirsə, keçiləcək mövzu bir o qədər uğurlu olacaq.
Çox təəsüf ki, motivasiyanın mahiyyəti bu gün də bir çoxları tərəfindən düzgün başa düşülmür. Bəziləri motivasiya deyəndə movzu ilə bağlı hər hansı şəkil və yaxud videoçarxın müəllim tə-rəfindən şagirdlərə göstərilməsi kimi, bəziləri isə sadəcə bu mərhələni nə yolla olur-olsun, mövzunun adını şagirddən almaq kimi başa düşürlər.Əlbəttə müəllim hər hansı mövzuya motivasiya qurarsa,yuxarıda adı çəkilən üsullardan istifadə edə bilər,ancaq necə? Əgər müəllimin motivasiya məqsədilə istifadə etdiyi hər hansı vasitə şagirdlərdə fərziyyələr doğurursa (motivasiyada fərziyyə-lərin irəli sürülməsi əsas şərtlərdəndir) və şagird düşüncəsini tədqiqata sövq edirsə,bunu düzgün atılmış addım hesab etmək olar.
Biz burda Azərbaycan dili və Ədəbiyyat dərslərində bir neçə mövzuya qoyulmuş motivasiya nümunələrini oxucularla bölüşməyə çalışacağıq.
Azərbaycan dilindən 5-ci sinifdə “Kök və şəkilçi” mövzusu üşün qoyulmuş motivasiya aşağıdakı kimidir.
Şagirdlərə kökü və gövdəsi olan hər hansı ağac şəkli göstərilir və şagirdlərin diqqəti ağacın hissələrinə yönəldilir.Şagirdlərə  sualla müraciət olunur:
Sual:-Əgər ağacın hissələrini (kökü və gövdəni) kəsib bir-birindən  ayırsaq, nə baş verəcək?
Fərziyyələr:-1. Ağac yıxılacaq; 2.Ağacın yarpaqları solacaq;   3.Ağac quruyacaq və məhv olacaq.4.Ağacın kökü gövdədən kənarda torpaqda olarsa,yenidən böyüyəcək, ,formasını və şəklini dəyişmiş bashqa bir ağac şəklində təzahür edəcək.
Şagirdlərin diqqəti məhv olmuş  və və yenidən əmələ gəlmiş ağaca yönləndirilir.
Bu şəkildə qoyulmuş motivasiyadan aşağıdakı kimi tədqiqat sualı çixara bilərik.
“Sözü tərkib hissələrinə ayırdıqda nə üçün kökü əsas hesab edirik?”
Növbəti motivasiya nümunəsi Ədəbiyyat fənnindən 5-ci sinifdə “İsgəndərin taxta çıxması” əsərinin təhlili üzərində iş mövzusuna qoyulmuş motivasiyadır.Mövzuya motivasiya qoymaq üçün şagirdlərin aşağı sinifdən tanış olduqları H.Əliyevin “Rəhbərlik etmək üçün gərək mənəvi hqqın olsun!” fikiri ortaya atılır və müəllim şagirdlərə suallarla müraciət edir.”İnsanda hansı keyfiyyətlər olmalıdır ki,onun rəhbərlik etməyə haqqı çatsın?”
Fərziyyələr:-Rəhbər insan dözümlü olmalıdır; səbrli olmalıdır; xalqını sevməidir; ağıllı olmalıdır, vicdanlı olmalıdır; ədalətli olma-lıdır;
Şagirdlərin diqqətini sonuncu fərziyyəyə yönəltmək üçün yenə də onlara aşağı sinifdən tanış olan sitat gətirilir.”Dövlət o zaman məhv olar ki,günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda.” (H.Əliyev) Bu motivasiyadan sonra bele bir tədqiqat sualı çıxarmaq olar:”İsgəndəri ədalətli şah hecab etmək olarmı?”
Hər bir tədqiqat sualını çıxarılmazdan əvvəl müəllim şagirdlərdən  fərziyyələri alarkən fikir söyləməkdə onlara tam sərbəstlik verməli,öz şəxsi fikr və yanaşmalarını şagirdlərə məcburən qəbul etdirməməlidir.Alınmış fərziyyələr lövhəyə yazılmalıdır,mövzudan kənar fikirlər ixtisar edilməlidir.
Bu gün biz müəllimlər (xüsusən də fənn kurikulumunu yenicə mənimsəməkdə olanlar) fəal təlimin hər hansı mərhələsini ,o cümlədən motivasiya mərhələsini reallaşdırarkən müxtəlif problem və çətinliklərlə qarşılaşırıq.Bəzən, motivasiya ya məqsədəuyğun olmur,bəzən fərziyyələr doğurmur,bəzən o dərəcədə çətin olur ki,şagird təfəkkürünü tədqiqata sövq etmək əvəzinə, blokadaya salmış olur.Təbii ki,bu problemlər,çətinliklər bu gün üçün realdırsa, sabah üçün artıq həllini tapmış və geridə qoyduğumuz bir məsələyə çevriləcək.Ən azından ona görə ki,müəllim fənn kurikukulumunun məzmun və mahiyyətini bu günə nisbətən sabah daha çox mənimsəyəcək,fəal dərsin mərhələlərini reallaşdırmaq onun özü üçün vərdişə çevriləcək.
Dərsdə motivasya mərhələsini reallaşdıran müəllimin qarşı-   sına çıxan çətinliklərin bir qisminin  aradan qaldırılması üçün öz təcrübəmizdən çıxış edərək belə bir təklif irəli sürürük ki,müəllim motivasiyanı hazırlayarkən  bu mərhələdə istifadə edəcəyi texnikanı  əvvəlcədən müəyyənləşdirməli,və həmin texnikanın tətbiqetmə metodunu yaxşı  bilməlidir.Müəllim bu mərhələni reallaşdırmaq üçün aşağıdakı texnikalardan hər hansı birinə müraciət edə bilər.Bu BİBÖ,beyin həmləsi,klaster,auksi-on,anlayışın çıxarılması ,suallar və bu sıradan olan başqa texnikalar ola bilər.Əvvəldə verilən iki motivasya beyin həmləsi əsasında qurulub.Anlayışın çixarılması texnikasına əsaslanan növbəti motivasiya Azərbaycan dili fənnindən 5-ci sinifdə “Yolda gözəl gedən adam “movzusuna qoyulub.
Müəllim şagirdlərə sualla müraciət edir.”Kimi yolu gözəl gedən hesab edirsiniz?”Sualı açacaq cavab lövhənin mərkəzində gizlədilir və şagirdlərin fərziyyələri onun ətrafına yazılır.
Fərziyyələr:  Yolda gözəl yerişlə addımlayanı;  yol hərəkəti qaydalarına riayət edəni;  yolu çətinliklə keçən qocaya kömək edəni;  yolda hərəkət zamanı maneə yaradacaq nəyisə (daşı,şüşə qırıntılarını və s.)aradan qaldıranı;
Hər bir fərziyyə ayrılıqda müzakirə olunur , üstünlükləri və əhəmiyyəti xüsusi vurğulanır .Şagirdlər mövzuya yönəldildikdən sonra mərkəzdə gizlədilmiş fikir ortaya çıxarılır: “Yolda hərəkətin çətinləşməsinə,və hər hansı (kiçik belə olsa) qəzanın yaranmasına səbəb ola biləcək maneəni özü aradan qaldırmağa cəhd edən hər kəsi yolu gözəl gedən hesab etmək olar.”
Tədqiqat sualı: “Nə üçün hökmdar keçirdiyi yarışın qalibini ənənəvi olaraq yolu sürətlə keçdiyinə görə yox,yolu gözəl gəldiyinə görə mükafatlandırır.” Hətta yaxşı olar ki,tədqiqat sualının özü də fərziyyələr yaratsın.Yuxarıda çıxarılmış tədqiqat sualının doğurduğu fərziyyələr aşağıdakı kimi ola bilər.
Hökmdar ənənəni pozmaq istəmişdi;
Hökmdar yarışlara yenilik gətirmək istəmişdi;
Hökmdar yolun insan həyatındakı rolunu ön plana şəkmək istəmişdir.
Ümidvarıq ki,göstərdiyimiz  nümunələr hər hansı bir məsələnin həlli zamanı müəllimlərə və şagirdlərə qismən də  olsa,yardımçı olacaq.
                                           
                                      İsgəndərova Yeganə Əvəz qızı
                                                                "Azərbaycan müəllimi" qəzeti